MOSKVADA AB-RUSİYA MƏSLƏHƏTLƏŞMƏLƏRİ
Xatırladaq ki, AB-nin genişlənməsi və bu təşkilata 10 yeni dövlətin qəbul olunması ilə əlaqədar rəsmi Moskva öz narahatlığını dəfələrlə bildirmişdir. Avropa Komissiyasının mötəbər nümayəndə heyətinin səfəri RF-AB münasibətlərində gərginliyi müəyyən dərəcədə azaltmağa imkan vermişdir. Belə ki, indiki görüşdə RF Prezidenti Vladimir Putin danışıqlar prosesində müsbət irəliləyiş olduğunu vurğulayaraq demişdir ki, bu dialoq RF-AB qarşılıqlı fəaliyyət mexanizmini təkmilləşdirməyə kömək edəcəkdir.
Rusiyada xüsusi narahatlıq doğuran məsələnin – Litva ərazisi vasitəsilə Kalininqrada yük tranziti məsələsinin həlli danışıqların əsas yekunu olmuşdur. Bununla əlaqədar ayrıca saziş imzalanacaq və bu, ümumavropa gömrük qaydalarını Rusiya yüklərinin həmin istiqamətdə hərəkətinə şamil etməyə imkan verəcəkdir. Bundan əlavə, tərəflər dörd ümumi məkan – iqtisadi, energetika, daxili və xarici təhlükəsizlik, habelə humanitar məkanlar yaradılması barədə də razılığa gəlmişlər.
Viza rejimi məsələləri də müzakirə edilmişdir. Bununla əlaqədar AB nümayəndələri Rusiya ilə aralıq saziş imzalanmasının mümkünlüyünü bildirmişlər. Vizasız rejim haqqında danışıqlar artıq bu il başlanacaqdır. Rusiya şirkətlərinin AB elektrik şəbəkələrinə, Avropa ölkələri şirkətlərinin isə Rusiyanın qaz bazarına çıxması məsələsinə də baxılmışdır.
Avropa Komissiyası Rusiyanın Dünya Ticarət Təşkilatına daxil olmasına dair danışıqlarda onu dəstəkləyəcəyini vəd edir. R.Prodi demişdir ki, komissiya mayda keçiriləcək zirvə görüşünədək ikitərəfli səviyyədə müəyyən iş görə bilər.
RF-AB dialoqu AB-Rusiya Tərəfdaşlıq və Əməkdaşlıq Şurasının aprelin 27-də Lüksemburqda keçiriləcək iclasında davam etdiriləcəkdir.