Moskvada “Gülüstan yolu...” tarixin çala-çuxurlarına səyahət” kitabının təqdimatı olmuşdur
Moskva, 22 aprel (AZƏRTAC). Rusiya Elmlər Akademiyasının Mərkəzi Alimlər Evində tanınmış tarixçi Oleq Kuznetsovun “Gülüstan yolu...” tarixin çala-çuxurlarına səyahət” (“Дорога на Гюлистан…»: путешествие по ухабам истории») kitabının təqdimatı olmuşdur.
O.Kuznetsovun bu monoqrafiyası Oleq Ayrapetov, Mixail Volxonski və Vadim Muxanovun 2013-cü ildə Beynəlxalq Ən Yeni Dövlətlər İnstitutu tərəfindən nəşr edilmiş “Gülüstan yolu... XVIII əsrin ikinci yarısı-XIX əsrin ilk 25 ili ərzində Rusiyanın Qafqazda siyasəti tarixindən” (“Дорога на Гюлистан… Из истории российской политики на Кавказе во второй половине XVIII — первой четверти XIX в.”) kitabına resenziyadır.
Oleq Kuznetsov təqdimat mərasimində çıxış edərək bildirmişdir ki, müqəddiməsi, yekun nəticəsi və tarixi faktların təhlili, habelə məqsəd və vəzifələri olmayan “Gülüstan yolu... XVIII əsrin ikinci yarısı-XIX əsrin ilk 25 ili ərzində Rusiyanın Qafqazda siyasəti tarixindən” kitabı heç bir elmi dəyər kəsb etmir. Kitabın müəllifləri peşəkar tarixçidən daha çox təbliğatçı rolunda çıxış edərək tarixi saxtalaşdırmışlar. O.Kuznetsov demişdir: “Məsələn, müəlliflər general Yermolovun Qafqaz canişini knyaz Voronsova məktublarını Qafqaz Arxeoqrafiya komissiyasının sədri Adolf Berjenin əsərləri kimi təqdim edirlər. Daha bir fakt - XIX əsrin sonlarında general-leytenant Bobrovski İrəvan leyb-qrenadyor alayı haqqında beşcildlik əsər nəşr etdirmişdir. Beynəlxalq Ən Yeni Dövlətlər İnstitutunun nəşr etdiyi əsərdə bu beşcildlik bir cilddən ibarət nəşr kimi təqdim olunur. Bundan əlavə, Rusiya Ali Qərargahının Zabitlər Cəmiyyətinin rus hərbi qüvvələrinin tarixindən bəhs edən 11 cildlik kitab da nəşrdə bir cildlik kitab kimi verilmişdir. Bütün bunlar müəlliflərin müraciət etdikləri mövzuya dair tarixi mənbələrlə yaxşı tanış olmadıqlarını göstərir”.
Oleq Kuznetsov vurğulamışdır ki, “Gülüstan yolu... XVIII əsrin ikinci yarısı-XIX əsrin ilk 25 ili ərzində Rusiyanın Qafqazda siyasəti tarixindən” kitabının müəllifləri həm də Rusiyanın aparıcı universitetlərinin əməkdaşlarıdırlar. Onların tələbələri gələcəkdə Rusiya hakimiyyət orqanlarında məsul vəzifələr tutacaqlar və taleyüklü məsələlərin həllində iştirak edəcəklər. O.Kuznetsov demişdir: “Təəssüf ki, həmin tələbələr mühüm qərarlar qəbul edərkən tarixi faktlara deyil, bu kitabın müəlliflərinin uydurmalarına əsaslanacaqlar. Məhz buna görə də mən “Gülüstan yolu... XVIII əsrin ikinci yarısı-XIX əsrin ilk 25 ili ərzində Rusiyanın Qafqazda siyasəti tarixindən” kitabındakı saxtakarlığı üzə çıxarmağı özümə borc bilmişəm. Mənim monoqrafiyam, ilk növbədə, Rusiya tarixinin saxtalaşdırılmasına qarşı yönəldilmiş cavabdır”. Tarixçi, həmçinin vurğulamışdır ki, araşdırılan əsərdə tarixi faktlar bilərəkdən saxtalaşdırılmışdır.
Qeyd edək ki, O.Kuznetsovun monoqrafiyasında tutarlı və əsaslandırılmış təkziblərlə yanaşı, VIII əsrin sonları-XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda siyasətinə dair elmi və tarixi mənbələrin geniş siyahısı da yer almışdır.
Təqdimat mərasimində Rusiya elmi dairələrinin və ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Xatırladaq ki, tarix elmləri namizədi Oleq Kuznetsov Ali Sosial İdarəetmə Konsaltinqi Məktəbinin prorektoru, 130-dan çox elmi əsərin müəllifidir. Ötən il müəllifin daha bir kitabı - “Qarabağ münaqişəsi “əfsanələri” haqqında həqiqətlər”i Moskvada təqdim edilmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva