MOSKVADA MDB ÖLKƏLƏRİ ENERGETİKA NAZİRLƏRİNİN GÖRÜŞÜ
Oktyabrın 23-də Moskvada, “Prezident-hotel”də MDB-nin üzvü olan ölkələrin energetika nazirlərinin ilk görüşü keçirilmişdir. Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimov görüşdə iştirak etmişdir.
Xatırladaq ki, MDB ölkələri dövlət başçılarının oktyabrın 7-də Kişinyovda olmuş zirvə toplantısında Birlik ölkələrinin energetika nazirlərinin görüşünü keçirmək haqqında razılıq əldə edilmişdi.
Rusiyanın energetika naziri İqor Yusufov görüşü açaraq, Prezident Vladimir Putinin təbrikini oxudu. Məktubda deyilir ki, Birlik dövlətləri energetika idarələri başçılarının görüşü energetika sahəsində daha sıx və dərin inteqrasiya üçün yaxşı təkan olacaq və bu, bir çox iqtisadi problemləri həll etməyə imkan verəcəkdir.
İclasda enerji ehtiyyatlarının hasilatı və nəqli məsələlərində MDB ölkələri arasında razılaşdırılmış siyasət aparılmasının zəruriliyindən danışıldı. Nəzərə çarpdırıldı ki, MDB ölkələri arasında bu sahədə fəaliyyətin əlaqələndirilməsi Birlik məkanında sabitliyi və enerji təhlükəsizliyini təmin etməyə imkan yaradacaq, habelə onların tərəqqisinə və iqtisadiyyatlarının daha da yüksəlməsinə kömək edəcəkdir.
İclasın yekunlarına əsasən birgə bəyanat qəbul edildi. Bəyanatda deyilir ki, yanacaq-energitika kompleksləri arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, bu sahədə mövcud problemlərin istər çoxtərəfli əsasda, istərsə də ikitərəfli formatda aradan qaldırılmasına dair razılıq əldə olunmuşdur.
İclasda MDB-nin üzvü olan dövlətlərin Yanacaq-Energetika Şurasını, habelə onun katibliyini yaratmaq haqqında da qərar qəbul edildi. Bundan əlavə, birgə qəbul edilmiş qərarların həyata keçirilməsi üçün neft, qaz, kömür və elektrik enerjisi üzrə işçi qruplarının yaradılması haqqında razılaşma əldə olundu.
Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, energetika sahəsində daha sıx əməkdaşlığı nəzərdə tutan bu görüş postsovet məkanındakı dövlətlərin iqtisadiyyatlarını yaxınlaşdıracaqdır. Bu iclasdan əlavə, Rusiya Federasiyasının yanacaq naziri İqor Yusufovla ikitərəfli səmərəli görüş oldu. Görüşdə əməkdaşlığın perspektivləri müəyyənləşdirildi. Azərbaycan Rusiya tərəfi ilə əməkdaşlığa böyük əhəmiyyət verir və bu sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Rusiya Federasiyası böyük və Azərbaycana dost ölkələrdən biridir. Dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə biz neft strategiyasını planlı surətdə həyata keçiririk. Bütün bunlar Rusiyanın yanacaq-energetika kompleksi ilə daha sıx və qarşılıqlı surətdə faydalı əməkdaşlığın həyata keçirilməsini, iqtisadi münasibətlərin dərinləşdirilməsini nəzərdə tutur. MDB çərçivəsində görüşlər isə bütün qonşu dövlətlərlə işgüzar münasibətlər yaratmaq məqsədi daşıyır.
M.Kərimov MDB ölkələrinin Yanacaq-Energetika Şurasının yaradılması ilə əlaqədar bildirdi ki, bu məsələ ətraflı araşdırılacaq və həmin ideya Azərbaycanın mənafelərinə uyğun olsa, ölkəmiz ona qoşulacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva