CƏMİYYƏT
MOSKVADA MÜQƏDDƏS QURANİ-KƏRİM OXUYANLARIN ÜMUMRUSİYA MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Moskva, 8 sentyabr (AZƏRTAC). Moskvada Ramazan çadırında Qurani-Kərim oxuyanların ənənəvi Ümumrusiya Müsabiqəsi keçirilmişdir. Müsabiqə Rusiya Müftilər Şurası, Moskva hökuməti, “Nadejda” mədəniyyət və təhsil mərkəzi tərəfindən və Rusiyadakı Tacikistanlılar İttifaqı Gənclər Təşkilatının dəstəyi ilə təşkil edilmişdir.
Rusiya Müftilər Şurasının Sosial-xeyriyyə və mənəvi-maarifçilik fəaliyyəti Departamentinin rəhbərinin müavini Rəşad Qazıyev Quran oxuyanların müsabiqəsini açaraq qeyd etmişdir ki, bu müsabiqənin əsas məqsədi Rusiyada Quranın əzbər öyrənilməsi prosesini inkişaf etdirməkdir. Onun sözlərinə görə, Quran oxuyanların budəfəki müsabiqəsi Rusiyanın müsəlman regionlarından və əsasən Orta Asiya regionundan olan miqrantlardan seçilmiş qabiliyyətli insanlar arasında keçirilir.
Müqəddəs Qurani-Kərim oxuyanların müsabiqəsində Moskvanın, Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarının, digər MDB ölkələrinin nümayəndələri iştirak etmişdir. Müsabiqə iştirakçılarının məharətini Yəmən, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt və MDB ölkələrinin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirmişdir.
Xatırladaq ki, Qurani-Kərim oxuyanların birinci Ümumrusiya Müsabiqəsi 2004-cü ilin noyabr ayında Kazanda keçirilmiş və həmin müsabiqədə Penza İslam Universiteti yanında kollecin şagirdi İslam Daşqın qalib gəlmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva