MOSKVADA NƏQLİYYAT VASİTƏLƏRİNDƏ ELAN YAPIŞDIRMAQ QADAĞAN EDİLƏCƏK
Qeyri-qanuni reklamla mübarizədə “Çin metodu” ilk dəfə 2003-cü ildə Pekində tətbiq edilmiş və müsbət nəticə vermişdir. Hazırda bu üsul Avropanın bir neçə paytaxt şəhərində uğurla tətbiq olunmaqdadır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, qeyri-qanuni yerləşdirilmiş elanlarda göstərilən telefonlara bir neçə dəqiqə ara verməklə dalbadal zənglər vurulur. Abunəçi dəstəyi götürən kimi, avtomatik cavabverənin qanunsuz elanlar yerləşdirməyin dayandırılması barədə tələbi eşidilir. Belə şəxslər şəhərin görünüşünü pozmaqdan əl çəkərlərsə, telefon həmin iş rejimindən çıxarıla bilər. Lakin belə reaksiya olmadıqda zənglərin sayı daha da artırılacaq, bu da, öz növbəsində, qanunu pozanın telefonunun bağlanmasına gətirib çıxaracaqdır.