MOSKVADA QİƏT ÖLKƏLƏRİ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN İCLASI KEÇİRİLMİŞDİR
Rusiya Prezidenti V.Putinin iclas iştirakçılarına göndərdiyi məktubda deyilir ki, Qara dəniz regionu Avropa ilə Asiya arasında sıx və səmərəli əlaqələrin inkişafı üçün mühüm coğrafi mövqeyə və potensiala malikdir.
QİƏT ölkələri xarici işlər nazirlərinin ikigünlük görüşü zamanı təşkilatın fəaliyyətinin səmərəsinin artırılması yolları, müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair tədbirlər müzakirə olunacaq, habelə Rusiyanın sədrliyinə yekun vurulacaqdır. Təşkilata sədrlik Serbiyaya keçəcəkdir.
Mahmud Məmmədquliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Moskvada qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılmış, o cümlədən təşkilata Rusiyanın sədrliyinin yekunları müzakirə olunmuşdur. O demişdir ki, Azərbaycan təşkilatın möhkəmləndirilməsinə, İstanbulda keçiriləcək növbəti zirvə görüşü baxımından QİƏT-in səmərəliliyinin artırılmasına tərəfdar çıxmışdır. Onun sözlərinə görə, QİƏT-in zirvə görüşü çərçivəsində təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması planına müvafiq dəyişikliklər edilməsi haqqında məsələnin hazırlanması üçün yüksəksəviyyəli ekspertlərdən ibarət qrup yaratmaq ideyası irəli sürülmüşdür. Dəyişikliklər dövlət başçılarının müzakirəsinə veriləcəkdir.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev demişdir: “QİƏT-in fəal üzvü olan Azərbaycan müntəzəm surətdə təkliflər irəli sürür. Bizim mövqeyimiz həmişə dəqiq və aydındır. Zənnimizcə, təşkilat bu gün çox zəifdir və onun regionda və beynəlxalq aləmdə rolunu gücləndirmək lazımdır. Azərbaycan tərəfi dəfələrlə təklif etmişdir ki, Katiblikdə təşkilata üzv ölkələrin hər birinin nümayəndəsi olsun. Bu məsələni biz çoxdan qaldırmışıq, indi Rusiya da buna tərəfdardır. Fikrimcə, Katiblikdə təşkilatın fəaliyyətinin bütün istiqamətləri - nəqliyyat, energetika və iqtisadiyyatın digər mühüm sahələri üzrə ciddi ekspertlər olmalıdır”.