MOSKVADA RF FEDERASİYA ŞURASI MƏTBUAT XİDMƏTİNİN TƏŞKİLATÇILIĞI İLƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının mətbuat xidmətinin təşkilatçılığı ilə “Dövlət hakimiyyəti orqanlarının fəaliyyətində aşkarlıq: problemlər və onların həlli yolları” mövzusunda ikigünlük beynəlxalq seminar keçirilmişdir. Seminarda Rusiya Federasiyası subyektlərinin dövlət hakimiyyətinin qanunverici və icraedici orqanlarının mətbuat xidmətlərinin rəhbərləri, MDB ölkələrinin qanunverici orqanlarının mətbuat xidmətlərinin rəhbərləri, Finlandiya, Fransa və Almaniya parlamentləri informasiya qurumlarının nümayəndələri iştirak etmişlər. Azərbaycanı Milli Məclisin mətbuat katibinin müavini Mehman Qayıbov təmsil edirdi.
Federal Məclisin yuxarı palatasında mətbuat xidmətlərinin rəhbərləri ilə görüşlər artıq ənənəvi xarakter almışdır. Mətbuat xidmətlərinin rəhbərləri üçün daim fəaliyyət göstərən seminar çərçivəsində bu görüşlər yeddi ildir mütəmadi keçirilir. Bu dövr ərzində informasiya qurumları arasında möhkəm işgüzar əlaqələr yaranmış, qarşılıqlı fəaliyyətin yeni səmərəli formaları meydana gəlmiş, bir çox informasiya layihələri uğurla həyata keçirilmişdir. Seminarın gündəliyinə “İnternet hakimiyyət orqanları ilə vətəndaşların qarşılıqlı fəaliyyətinin səmərəli vasitəsi kimi”, “Əhali ilə birbaşa dialoqun qurulması dövlət hakimiyyəti orqanlarının fəaliyyətində aşkarlığın təmin olunmasının təsirli forması kimi”, “Vahid informasiya parlament məkanının formalaşdırılması” mövzuları daxil idi.
Federasiya Şurasının sədri Sergey Mironov seminar iştirakçıları qarşısında çıxış etmiş, suallara cavab vermişdir. “RİA Novosti” agentliyində Kiyev ilə videokörpü təşkil olunmuş, seminar iştirakçıları Federasiya Şurası sədrinin müavini Dmitri Mezentsev və Federasiya Şurasının MDB işləri üzrə komitəsinin sədri Vadim Qustov ilə görüşmüşlər. Seminar çərçivəsində “KİV-lər dövlət hakimiyyəti orqanlarının müsbət imicinin formalaşdırılmasının əsas alətlərindən biri kimi” mövzusunda diskussiya keçirilmişdir.