SİYASƏT
Moskvada Rusiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafına dair beynəlxalq konfrans keçirilib
Moskva, 31 mart, AZƏRTAC
Moskvada “Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlığın inkişafının və möhkəmləndirilməsinin əsas prinsipləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiyadakı Azərbaycan icmalarının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkənin parlamentlərinin üzvləri, tanınmış ictimai-siyasi xadimlər, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Rusiyadakı Azərbaycan icmasının rəhbəri Fazil Qurbanov konfransda çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinin inkişafından danışıb. O deyib ki, əsası ümummilli lider Heydər Əliyev və Prezident Vladimir Putin tərəfindən qoyulmuş Azərbaycan-Rusiya münasibətləri bu gün uğurla inkişaf edir.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə genişləndiyini söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədli çıxışında Azərbaycan-Rusiya münasibətlərinin müxtəlif aspektlərinə toxunub. O, əlaqələrimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib. Bildirib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra humanitar layihələr həyata keçirilib. Məhz bu layihələr iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına öz töhfəsini verib.
Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Rusiyadakı Azərbaycan diasporu və Azərbaycandakı rus icması haqqında fikirlərini bildirib. O, Azərbaycan diasporunun və rus icmasının iki ölkə arasındakı münasibətlərin inkişafına töhfələrini qeyd edib.
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev çıxışında iki ölkə arasında humanitar sahədə əməkdaşlığın yeni səviyyəyə qədəm qoyduğunu söyləyib. O, Rusiya və Azərbaycan arasında humanitar sahədə əlaqələrdən danışıb, iki ölkənin vətəndaş cəmiyyətlərinin uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
İnnovasiya İnkişafı İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov “Rusiya və Azərbaycan beynəlxalq arenada. İki ölkə arasında əməkdaşlıq və siyasi münasibətlər” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, bu gün Rusiyanın heç bir qonşusu ilə Azərbaycanla olduğu kimi münasibətləri yoxdur. Ölkələrimiz arasındakı münasibətlərin bu səviyyəsi prezidentlər Vladimir Putin və İlham Əliyevin sayəsində mümkün olub. Əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafının əsas prinsiplərindən danışıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva