ELM VƏ TƏHSİL
MOSKVALI ALİM AKADEMİK CƏLAL ƏLİYEVƏ TƏŞƏKKÜRÜNÜ BİLİDİRİR
- Çox hörmətli Cəlal Əliyeviç!
Bakıdan getdiyim vaxtdan üç həftə ötmüşdür. Səfər haqqında dərin və xoş təəssüratlar bu müddət ərzində, bir növ, arxa sıraya keçmişdir, əvəzində, Bakıda qaldığım dörd gündə əhatə olunduğum qeyri-adi dostluq, mehribanlıq və qayğıkeşlik mühiti qəlbimdə uzun illər yaşayacaqdır. Buna görə Sizə və köməkçilərinizə ürəkdən minnətdaram. Mən bundan qabaq Bakıda axırıncı dəfə 17 il əvvəl olmuşdum. İndi tamam yeni bir şəhər gördüm. İntensiv inkişaf yoluna qədəm qoyan Azərbaycan, həqiqətən, dünya miqyaslı siyasət və dövlət Nəhəngi olan Heydər Əliyeviçə əbədi abidədir.
Sizin mənə hədiyyə etdiyiniz hər iki kitabı oxudum. Heydər Əliyeviçin siyasət meydanından kənarda qaldığı vaxtlarda Azərbaycanın düçar olduğu boşluq dövründə Sizin nə kimi məşəqqətlərə məruz qalmağınıza, düzü, son dərəcə heyrətləndim. Yaxşı deyiblər ki, dost dar gündə tanınar. Nəhəng işdən bir müddət kənarda qalan kimi, goreşənlər sürü ilə Sizin üstünüzə ayaq aldılar, hesab etdilər ki, siyasətdə səriştəsi olmayan alimi, özlərinin düşündükləri kimi, sonuncu Əliyevi asanlıqla məhv etmək olar. Onların necə məyus olduqlarını, eləcə də, qələbənin Sizə nəyin bahasına başa gəldiyini təsəvvürümə gətirirəm. Əsl Alimin zəkası elə qeyri-adi işlər görməyə qadirdir ki, bunlar o “fəallar”ın heç yuxusuna da girməz. Sizin qələbəniz gözlənilən, qanunauyğundur. Məni heyrətə salan başqa məsələdir – Siz həm o vaxtkı Azərbaycan rəhbərliyinin siyasətinə qarşı, həm də, faktiki olaraq, Qorbaçovun qondarma yenidənqurmasına və birtərəfli aşkarlığına qarşı açıq-açığına çıxış etməkdən necə də qorxub-çəkinməmisiniz. Bax, bunun üçün, həqiqətən, vətəndaş cəsarəti və özünün haqlı olduğuna qəti inam gərək idi. Belə mübarizəyə heç də hər kəs qadir deyildir. Mən Sizi fotosintez haqqında elmdə olduqca çox işlər görmüş və bu gün də görən güzəştsiz, fədakar alim kimi tanıyıram. İndi isə Siz özünüzü həm də həqiqət uğrunda, şərəf və ləyaqət uğrunda eyni barışmazlıqla çarpışan mətin mübariz kimi göstərdiniz. Qəlbinizin bu xüsusiyyəti, bu hünəriniz məni adı geniş elmi ictimaiyyətə yaxşı tanış olan Alim kimi Sizin mövqeyinizdən heç də az heyran etmir.