MSK Katibliyinin müdiri: Bu seçkilərdə ekspert qrupunun üzvləri üçün yeni yaddaş kitabçası hazırlanıb
Sumqayıt, 26 dekabr, Ə.Rzayeva, AZƏRTAC
Gələn il fevralın 7-də Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri təyin olunub. Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq baxımından irimiqyaslı tədbirlərə start verib. Bu tədbirlərin məqsədi seçki subyektlərinin, eyni zamanda, seçki komissiyası və ekspert qrupu üzvlərinin maarifləndirilməsi, peşəkarlıq səviyyələrinin artırılmasıdır. Artıq bu istiqamətdə ikinci tədbirdir ki, keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Sumqayıtda jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadə bildirib.
“Bu seçkilərdə ilk dəfə olaraq ekspert qrupunun üzvləri üçün yeni yaddaş kitabçası da hazırlanıb. Bu kitabça seçkilərlə bağlı müraciətlərin araşdırılmasında onlara yardımçı olacaq”, - deyən İ.Əlizadə qeyd edib ki, bugünkü tədbirdə müraciətlərin araşdırılması müddətləri, qaydaları, eyni zamanda, ekspert qrupu üzvlərinin hüquq və səlahiyyətləri əhatəli şəkildə izah ediləcək.
Onun sözlərinə görə, belə tədbirlər respublikamızın digər regionlarında - Naxçıvan, Gəncə, Şəki və Masallıda da keçiriləcək: “Bugünkü tədbirə Abşeron, Sumqayıt, Quba, Xızı, qərb zonası üzrə əməkdaşlar toplaşıb. Bizim tərəfdaşımız olan Hüquq və İnsan Haqları İnstitutunun nümayəndələri də onlar qarşısında təqdimatlarla çıxış edəcəklər”.