MÜDAFİƏ NAZİRLİYİNDƏ ABŞ HƏRBİ HAVA QÜVVƏLƏRİ KOLLECİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir demişdir ki, işğalçı Ermənistan havadarlarının köməyi ilə Azərbaycanı zorla müharibəyə cəlb etmiş, nəticədə torpaqlarımızın 20 faizi işğal olunmuş və 1 milyondan artıq vətəndaşımız öz Vətənində qaçqın və məcburi köçkünə çevrilmişdir. 1994-cü ildə qoyulmuş atəşkəs rejimindən sonra da işğalçı Ermənistan durmadan silahlandırılır. Bu, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin tələblərinə ziddir.
General-polkovnik Səfər Əbiyev XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının hesabına yaradılan erməni dövlətinin tarixi barədə qonaqlara məlumat vermiş, Ermənistanın keçmiş SSRİ dağılarkən Azərbaycanın Dağlıq Qarabağ diyarını işğal etmək fikrinə düşdüyünü söyləmiş, belə bir şəraitdə Azərbaycanın öz Silahlı Qüvvələrini yaratmağa başladığını vurğulamış və onun strukturu, maddi-texniki təminatı və təchizatı, hərbi təhsil müəssisələri haqqında danışmışdır.
ABŞ Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik-leytenant Brendan Makalun nümayəndə heyətini təqdim etmişdir.
Nümayəndə heyətinin başçısı, polkovnik Con Coqqerst görüş üçün səmimi təşəkkürünü bildirmişdir.
General-polkovnik Səfər Əbiyev nümayəndə heyəti üzvlərinin “Bu gün Azərbaycan Silahlı Qüvvələri üçün ən üstün məsələ nədir” sualına cavabında demişdir: “Torpaqlarımızı erməni işğalından azad etmək. Buna alternativ yoxdur. Yaxşı olardı ki, bu münaqişə dinc yolla, beynəlxalq hüquq normaları əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin. Əgər belə olmasa, biz bütün vasitələrdən istifadə edərək torpaqlarımızı düşmənlərdən təmizləyəcəyik”.
Qonaqların “Biz Azərbaycan Respublikası Prezidentinin seçilməsini maraqla izlədik və bu seçim Silahlı Qüvvələrin inkişafına təsir edəcəkmi” sualına müdafiə naziri “Prezident Silahlı Qüvvələrin Ali Baş Komandandır. Hansı Ali Baş Komandan öz Silahlı Qüvvələrinin inkişafını istəməz? Azərbaycan Prezidenti İlham Əliyev də bu istiqamətdə əsaslı işlər görür” cavabını vermişdir.