Müəllimlərin işə qəbulu imtahanlarında “Bir” tələbə-könüllü dəstəyi
Bakı, 14 avqust, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.
Həmçinin müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və “Bir” tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərir.