MÜNXENDƏ FİFA-NIN 56-CI KONQRESİ AÇILMIŞDIR
Konqresdə İsveçrə Futbol Assosiasiyasının FİFA-da Etika komitəsi təsis edilməsinə dair təklifi, milli səviyyədə arbitraj instansiyaları tətbiq olunması, futbol klublarına malik olan və ya onlara nəzarət edən qurumlar barədə ümumdünya informasiya bazası yaradılması məsələləri müzakirəyə çıxarılacaqdır.
Futbol agentlərinin fəaliyyətinə monitorinqin yaxşılaşdırılması, futbolla bağlı problem məsələləri öyrənəcək dünya informasiya sistemi yaradılması, futbol klublarını yaxın beş ildə lisenziyalaşdırmaq üçün vahid ümumdünya sisteminin tətbiq olunması, habelə dünyanın bütün futbol liqalarında iştirakçıların sayının 18 komandayadək azaldılması haqqında qərarlar qəbul edilməsi də planlaşdırılır.
Konqresdə yığma komandalar səviyyəsində yarışlarda iştirak edən futbolçuların sığortalanması mexanizmini yaratmağın mümkünlüyü də nəzərdən keçiriləcəkdir. Gözlənildiyinə görə, FİFA Nizamnaməsinə, FİFA-nın İntizam Məcəlləsinə və Dünya Antidopinq Agentliyinin tövsiyələri ilə əlaqədar FİFA-nın Dopinq Məcəlləsinə bir sıra düzəlişlər qəbul olunacaqdır.
Konqresin işində AFFA-nın prezidenti Ramiz Mirzəyevin başçılığı ilə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.
İyunun 9-da konqres iştirakçıları dünya çempionatının təntənəli açılışı mərasimində iştirak edəcəklər.