“MÜQƏDDƏS MƏRYƏM” KATOLİK KİLSƏSİ İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, martın 31-də Polşa Prezidenti Lex Kaçinski və xanımı, Polşa nümayəndə heyətinin üzvləri Bakıda yeni tikilən “Müqəddəs Məryəm” katolik kilsəsində olmuşlar.
Bakıdakı “Xilaskar İsa” Roma-katolik kilsəsinin keşişi Yan Çapla ali qonağı ehtiramla qarşılayaraq, məbədin tikintisi barədə məlumat verdi. O dedi ki, katolik kilsəsinin tikilməsi haqqında qərar Roma Papası II İohann Pavelin Bakıya səfəri zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul olunmuşdur.
“Müqəddəs Məryəm” kilsəsi arxitektor, Neapol Universitetinin professoru Paolo Rukeyronun və Bakı şəhərinin baş memari Akif Abdullayevin layihəsi əsasında, “A+A” şirkətlər qrupunun iştirakı ilə tikilmişdir.
Polşa Prezidenti Lex Kaçinskini və xanımını məbədin həyətində Azərbaycanın polyak icmasının nümayəndələri səmimiyyətlə qarşıladılar. Onlar bildirdilər ki, polyaklar Bakıda çoxdan yaşayır, cəmiyyətin tamhüquqlu üzvləridir və respublikanın həyatında fəal iştirak edirlər.
Lex Kaçinski kilsəyə baxdı, mərasim camını və üç zəngin maketini məbədə hədiyyə etdi. Hazırda bu zənglər Polşada zavodda tökülür və apreldə kilsənin açılışı gününədək Bakıya gətiriləcəkdir.