Murat Demirci: Heydər Əliyev adına ibtidai məktəb Azərbaycanın Kahramanmaraş uşaqlarına ən gözəl hədiyyəsidir
Kahramanmaraş, 6 fevral, AZƏRTAC
Kahramanmaraşda fəaliyyət göstərən Heydər Əliyev adına ibtidai məktəbin şagirdləri Azərbaycana xüsusi maraq göstərir, qardaş ölkənin paytaxtı Bakı şəhərinə və regionlarına, xüsusilə işğaldan azad edilmiş Qarabağa səfər etmək istəklərini gizlətmirlər.
Bunu AZƏRTAC-a müsahibəsində Türkiyənin fəlakət zonasında Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə qısa müddətdə inşa edilən məktəbin direktoru Murat Demirci söyləyib.
Direktorun sözlərinə görə, Kahramanmaraşın Onikişubat rayonunda Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilən məktəb binası şəhərdə ən yaxşı təhsil müəssisəsi hesab olunur və imkanlarına görə vilayətin hətta ən tanınmış özəl məktəblərini də xeyli üstələyir.
M.Demirci Heydər Əliyev adına ibtidai məktəbi Azərbaycanın Kahramanmaraş sakinlərinin yetişməkdə olan nəslinə təqdim etdiyi ən gözəl hədiyyə adlandırıb. “Məktəbimizin Prezident İlham Əliyev tərəfindən ziyarət olunması faktı ilə xüsusi qürur duyuruq”, – deyə o vurğulayıb.
Direktor məktəbdə Türkiyə–Azərbaycan Dostluq Klubunun yaradıldığını bildirib. “Ümid edirik ki, şagirdlərimiz yaxın zamanda arzularını həyata keçirəcəklər. Kahramanmaraşda Azərbaycandan olan şagirdləri də görmək istəyirik. Düşünürəm ki, şagirdlərin qarşılıqlı səfərlərinin təşkilinə Türk Dövlətləri Təşkilatı dəstək göstərə bilər”, – deyə təhsil müəssisəsinin rəhbəri söyləyib. O, Avropa İttifaqı ölkələrində oxşar proqramların populyarlığını və effektivliyini xatırladıb.
Agentliyin müsahibi məktəbin bilavasitə yaxınlığında Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisinin davam etdiyinə də diqqət çəkib. “Yeni mərkəz Kahramanmaraşın “Azərbaycan” məhəlləsində fəaliyyətə başladıqdan sonra məktəbdə mədəniyyət dərnəyi təşkil edə biləcəyik. Azərbaycana həsr olunan çoxsaylı layihə də planlaşdırılır”, – deyə məktəb direktoru vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş