Musa Quliyev: Bu gün Azərbaycan dünya və region üçün çox önəmli dövlətə çevrilib
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən, demokratik, hüquqi dövlət kimi nüfuzu ildən-ilə yüksəlir. Müstəqilliyimizin 30 ili ərzində Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edərək dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. İstər koronavirus pandemiyası ilə mübarizə, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə Azərbaycanın nüfuzlu dövlət olduğu dünya ictimaiyyətinə tamamilə bəlli oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bu il Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələr qurmasının 30 ili tamam olur. Bu münasibətlə Avstriya, Böyük Britaniya, Polşa, Almaniya, İtaliya, Fransa və digər ölkələrin dövlət başçıları, rəsmi şəxslər Azərbaycan Prezidentinə təbrik məktubları göndərir, telefon danışıqları aparırlar. Bu danışıqların, məktubların məzmununa nəzər yetirdikdə son vaxtlar Avropa liderlərinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyi aydın olur. Dünyanın ən güclü ölkələrinin rəhbərlərinin Azərbaycanla bundan sonra da əməkdaşlıqda maraqlı olması Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
“Azərbaycan dünyaya yenilikçi təkliflərlə də çıxır. Enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə yüksəlib. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlarımıza əsaslanan siyasəti dövlətimizə yalnız uğurlar qazandırır. Bu gün Azərbaycan dünya və region üçün çox önəmli dövlətə çevrilib. Dünyanı narahat edən qlobal problemlərin həllində Azərbaycan Prezidentinin mövqeyi nəzərə alınır”, - deyə Musa Quliyev qeyd edib.