Müsabiqə qalibi olan xaçmazlı məktəbli fəxri fərmanla mükafatlandırılıb
Xaçmaz, 23 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Zəfər yolu” inşa müsabiqəsinin qalibi olan xaçmazlı məktəbli Ləman Xəlilova Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ləman Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə birinci yeri qazanan 7 qalibdən biridir. İstedadlı şagird Əzzəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev inşa yazı müsabiqəsinin qalibi olan Ləman Xəlilov və onun müəllimlərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Ləmanın inşa müsabiqəsində respublika birincisi olması xaçmazlı gənclərin vətənpərvər ruhda böyüməsinin bariz nümunəsi kimi dəyərləndirilib.
Qalib məktəbli ilə görüşdə çıxış edən təhsil işçiləri Ləman Xəlilovanın nailiyyətini yüksək qiymətləndirib, uğurların davamlı olmasını arzulayıblar.
Sonda Ləman Xəlilovaya, eləcə də onun müəllimlərinə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.