Müşahidəçilik institutu seçki hüququnun daha səmərəli təmin olunmasına xidmət edir
Quba, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Quba şəhərində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçılarına seçki prosesinin həyata keçirilməsi zamanı aşkarlıq və ədalət prinsiplərinə əsaslanan müşahidəçilik institutunun əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bu institutun seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasındakı rolunun əhəmiyyətinə toxunulub.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı seçkiyə hazırlıq məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin paytaxt və regionları əhatə etdiyini bildirib.
A.Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və ombudsmanın bu prosesdə rolu” mövzusunda danışaraq, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmin olunmasına xidmət etdiyini bildirib.
Tədbirdə müşahidəçilik institutunun seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmin olunması sahəsində yarana biləcək çatışmazlıqların müəyyən edilməsi ilə yanaşı, siyasi proseslərdə vətəndaş iştirakçılığının artırılmasına və seçki prosesinin konkret ölkənin qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsini qiymətləndirməyə imkan verdiyi vurğulanıb, ombudsman təsisatının müşahidəçilik təcrübəsi barədə məlumat verilib.
Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova müşahidəçilik institutunun əhəmiyyətinin seçki hüququnun daha səmərəli təmin olunmasına xidmət etdiyini deyib.
MSK-nın əməkdaşı Şirzad Məmmədli növbədənkənar prezident seçkilərinə hazırlıq məqsədilə Komissiya tərəfindən görülən işlər, həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.