Musiqi məktəbi müxtəlif mövzulu videoçarxlar hazırlayıb
Bakı, 4 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimləri müxtəlif mövzularda videoçarxlar təqdim edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, təqdim olunan ilk material 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Azərbaycan Ordusunun rəşadəti, cəsurluğu və Ali Baş Komandanın möhkəm iradəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımızın azad olunması haqqındadır.
Videoçarxın mətnini nəzəriyyə şöbəsinin müəllimi Sevinc Mikayılova, şeiri isə fortepiano ixtisası üzrə müəllimi Yeganə Mustafayeva səsləndirib.
İkinci material isə milli musiqi alətimiz olan tar haqqındadır. Bildirilib ki, tar Azərbaycan xalqının musiqi mədəniyyətində əvəzsiz yeri olan, ecazkar musiqi alətidir. Azərbaycan xalqının tara sevgisini, tar ifaçılıq sənətinin qorunub saxlanmasını və inkişafını əks etdirən videoçarxı isə şöbənin müəllimi Nigar İsmayılova hazırlayıb.
Növbəti material dahi alman bəstəkarı L.V.Bethovenə həsr olunub. Videoçarxda qeyd olunub ki, L.V.Bethoven Vyana klassik məktəbinin sonuncu nümayəndəsidir. Yaratdığı əsərlərlə dünya musiqisinə təsir göstərib və onu zənginləşdirib. Şöbənin müəllimi Gülnarə Ələkbərovanın hazırladığı videoçarx L.V.Bethovenin 250 illik yubileyinə həsr olunub və bəstəkarın yaradıcılığının əsas cəhətini özündə əks etdirib.
Təqdim olunan sonuncu material isə Vasif Adıgözəlov haqqındadır. Vasif Adıgözəlov XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahilərdəndir. Onun şəxsiyyətində Üzeyir Hacıbəyliyə xas millilik, müəllimi Q.Qarayevdən gələn fəlsəfi intellektual təfəkkür əbədidir. Bəstəkarın 85 illik yubileyi ilə əlaqədar olaraq hazırlanan videoçarxın müəllifi nəzəriyyə şöbəsinin müəllimi Səkinə Muradovadır.