Musiqi məktəbində Respublika Gününə həsr olunmuş onlayn ədəbi-bədii tədbir
Bakı, 28 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri 28 May - Respublika Gününə həsr olunmuş onlayn ədəbi-bədii tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri məktəbin nəzəriyyə şöbəsinin müəllimi Aytən Daşdəmirova açaraq bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmasından, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən danışıb.
Bildirib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir və xalqımız cümhuriyyətin yarandığı 28 May - Respublika Gününü milli bayram kimi qeyd edir.
Tədbirdə məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Ədəbi-bədii tədbir yutub kanalı vasitəsilə yayımlanıb.