Musiqinin Məcnunu
Bakı, 26 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Oktyabrın 26-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qədim musiqi alətlərinin tədqiqatçısı və bərpaçısı, sənətşünaslıq doktoru, professor, Xalq Artisti Məcnun Kərimin xatirəsinə həsr olunmuş “Musiqinin Məcnunu” filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova musiqimizin təəssübkeşi, görkəmli musiqişünas alim Məcnun Kərimin fəaliyyətindən danışıb.
Bildirib ki, Məcnun Kərimin musiqi ilə əməkdaşlığı ötən əsrin 80-ci illərindən başlanıb. Miniatür sənəti üzrə mahir usta olan M. Kərim Azərbaycanın qədim musiqi alətlərini - rud, bərbət, çanq, Şirvan tamburu, santuru bərpa edib, daha sonra Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi nəzdində Qədim Musiqi Alətləri Ansamblının əsasını qoyub. O, orta əsrlərdə yaşayıb-yaratmış məşhur musiqiçilər və musiqi nəzəriyyəçiləri Əbdülqadir Marağai və Səfiəddin Urməvi tərəfindən yaradılmış, XIV əsrə aid qədim əsərləri bərpa edib.
Bildirib ki, M.Kərimin bərpa etdiyi 24 musiqi aləti hazırda muzeydə saxlanılır. Bu musiqi alətləri dəfələrlə xarici ölkələrdə nümayiş etdirilib. Dörd dildə nəşr olunmuş “Azərbaycanın musiqi alətləri” kitabının müəllifi olan sənətkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” laboratoriyasına rəhbərlik edib, yeni fənnin - “alətşünaslığın” əsasını qoyub.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Musiqi Mədəniyyəti Muzeyinin şöbə müdiri Təranə Zeynalova, filologiya üzrə fəlsəfə doktoru Şövkət Hüseynova və başqaları ustadın musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfəsindən danışıblar, xatirələrini bölüşüblər.
Sonda Məcnun Kərimin yaradıcısı və bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının ifasında musiqi proqramı təqdim olunub.