Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Bakı, 17 noyabr, AZƏRTAC
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycan Respublikasının Konstitusiyası Gününə və Milli Dirçəliş Gününə həsr edilən “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Rus İcmasının təşkil etdiyi tədbirdə Azərbaycandakı milli icmaların başçıları, politoloqlar, alimlər, “Rossotrudniçestvo”nun Bakı Nümayəndəliyinin rəhbəri Valentin Denisov və başqaları iştirak ediblər.
Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin xatırladıb ki, Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranıb.
Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, sənəd layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib.
Həmin vaxtdan noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.
Tarix üzrə fəlsəfə doktoru Ramilə Güləliyeva Azərbaycan Respublikası Konstitusiyasının tarixindən danışıb. Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını qoyub. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Tanınmış publisist, Əməkdar Jurnalist Elmira Axundova, politoloq Asim Mollazadə və başqaları ölkənin Əsas Qanununun hazırlanmasında və qəbul edilməsində ümummilli lider Heydər Əliyevin rolundan danışıblar.
Çıxış edənlər diqqətə çatdırıblar ki, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanında sovet dövlətinin antiazərbaycan siyasətinə qarşı etiraz əlaməti olaraq müddətsiz mitinq başlanıb. Bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.