CƏMİYYƏT
MÜSTƏQILLIK ILLƏRINDƏ RABITƏNIN INKIŞAFINA HƏSR OLUNMUŞ KITAB
“Adiloğlu” nəşriyyatı Əlövsət Hümbətovun “Azərbaycan rabitəsi müstəqillik dövründə. 1991-2001” kitabını çapdan buraxmışdır.
Müasir dövrdə cəmiyyətin, dövlətin həyatını inkişaf etmis rabitəsiz təsəvvür etmək mümkün deyildir. Bu mənada son on il ərzində, xüsusilə 1997-ci ildən başlayaraq, Azərbaycanda da böyük işlər görülmüşdür. Hazırda respublikamızda beynəlxalq rabitə tamamilə, şəhərlərarası və yerli rabitə isə əsasən dünya standartları səviyyəsinə catdırılmışdır. Kitabın ön sözündə vurğulandığı kimi, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
1998-ci ildə dövlətimizin başçısının tapşırığı ilə “1998-2003-cü illər üçün Azərbaycan rabitəsinin inkişaf konsepsiyası” hazırlanmışdır. Həmin konsepsiyanın həyata keçirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. M əhz bunun nəticəsidir ki, hazırda Azərbaycan rabitə sahəsində bir sıra göstəricilərə görə MDB ölkələri arasında birinci yeri tutur.
Kitabda Azərbaycan Prezidenti Heydər Əliyevin rabitə sahəsində birgə müəssisələrin, müxtəlif rabitə obyektlərinin açılışında söylədiyi nitqlər, açılış mərasimlərində çəkilmiş rəngli fotoşəkillər, habelə milli rabitənin ötən on ildə inkişafının əsas istiqamətləri, respublika telekommunikasiyasının yenidən qurulması, rabitə sahəsində qəbul olunmuş normativ aktlar və s. barədə ətraflı məlumat verilir. Ayrıca bir bölmədə isə dövlətimizin başçısının tapşırığına uyğun olaraq, rabitəçilərin məcburi köçkünlərə, əlillərə və müharibə veteranlarına göstərdikləri diqqət və qayğıdan bəhs edilir. Ümumiyyətlə, bu kitab müstəqil Azərbaycanın milli rabitəsinin bu günü və inkişaf perspektivləri haqqında dolğun təsəvvür yaradır.