“MÜSTƏQİLLİYİMİZİN STRATEGİYASI”
“Azərbaycan” nəşriyyatı siyasi elmlər namizədi Vaqif Abdullayevin “Müstəqilyimizin strategiyası” kitabını nəfis şəkildə çapdan buraxmışdır. Respublikamızın Prezidenti, zəmanəmizin ən görkəmli siyasi və dövlət xadimlərindən biri, xalqımızın müdrik ağsaqqalı Heydər Əliyevin milli müstəqilliyimizin strategiyasının formalaşmasında misilsiz rolundan, milli dövlətçilik mənafeləri, xarici siyasət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində gördüyü böyük işlərdən bəhs edən nəşrin elmi redaktoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri namizədi, dosent Novruz Məmmədov və hüquq elmləri namizədi, dosent Rüstəm Məmmədovdur.
Elmi ictimaiyyət və ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab Azərbaycan Prezidenti Heydər Əliyevin və Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin birgə çəkilmiş fotoşəkli, dövlətimizin başçısının “Müstəqil Azərbaycan on ildir yaşayır və bundan sonra on illər də yaşayacaq.., əbədiyyətə qədər yaşayacaq” sözləri ilə açılır.
“Naxçıvandan başlayan müqəddəs yol” adlanan ilk fəsildə siyasətimizdə Heydər Əliyev zərurətindən, müstəqilliyimizin strategiyasının formalaşmasının ilk prinsiplərindən bəhs edilir. Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən qısaca söhbət açan müəllif yazır ki, müstəqilliyimizin qorunması istiqamətində ən mühüm işlər, milli dövlətçiliyin qurulması, cəmiyyətin demokratikləşdirilməsi, milli şüurun formalaşması burada başlamış, milli inkişaf strategiyasının təməli burada qoyulmuşdur.
“Müstəqilliyimiz və milli dövlətçilik mənafeləri” fəslində dövlət suverenliyi və milli təhlükəsizlik, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı və milli strategiyamızın həyata keçirilməsi məsələləri araşdırılır. Qeyd olunur ki, yeni dünya nizamının reallıqları şəraitində Azərbaycanın xarici siyasətinin bütün potensialı ölkəmizin milli təhlükəsizliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi ümummilli maraqların həyata keçirilməsinə yönəldilmişdir. Azərbaycanın milli strategiyasının bu siyasi istiqaməti Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışından sonra mümkün olmuşdur.
Kitabın sonuncu, ən geniş fəsli “Heydər Əliyev diplomatiyası milli müstəqilliyimizin rəhnidir” adlanır. Müstəqillik strategiyamızda Qərb amili, Heydər Əliyevin Şərq diplomatiyasi, iqtisadi strategiya və müstəqilliyimizin möhkəmlənməsi, Heydər Əliyev diplomatiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli strategiyası məsələlərinə geniş yer ayıran müəllif haqlı olaraq belə bir cəhəti xüsusi vurğulayır ki, məhz müstəqilliyimizin strategiyasını ardıcıl olaraq həyata keçirməyi özünə milli, siyasi amal seçmiş Heydər Əliyevin başçılıq etdiyi Azərbaycan Respublikası indi dünya birliyində layiqli yerini tuta bilmişdir.
Həmin fəsildə diplomatiyamızda İlham Əliyev amilinə də geniş yer verən müəllif Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin deputatı, böyük siyasətə hazır olan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsində, xarici siyasətimizin, milli diplomatiyamızın, xüsusilə ölkəmizin yeni neft strategiyasının uğurla həyata keçirilməsindəki rolundan ətraflı söhbət açır.
Kitabda çoxlu fotoşəkillər və geniş biblioqrafiya da verilmişdir.