MÜŞTƏRƏK MÜƏSSİSƏLƏR VƏ ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ: İYUNDA TƏBİİ QAZIN HASİLATI VƏ TƏHVİLİ ARTMIŞDIR
Müştərək müəssisələrdə və əməliyyat şirkətlərində çalışan neftçilər cari ilin altıncı ayında nəzərdə tutulan “mavi yanacaq” hasilatının həcmini artırmışlar. Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a daxil olan məlumata görə, bu qurumlar iyun ayı ərzində faktik olaraq, 8 min kubmetr, yəni proqnozdan 0,6 min kubmetr artıq qaz çıxarmış və aylıq tapşırığa 108,1 faiz əməl etmişlər. Cari ilin əvvəlindən bəri isə bu qurumlar tərəfindən 45 min kubmetr əvəzinə, 57,3 min kubmetr təbii yanacaq hasil olunmuşdur. Ötən ilin yanvar-iyun ayları ərzində bu rəqəm 48,7 min kubmetr təşkil etmişdi. Lakin neftçilər, bütövlükdə, ilin əvvəlindən ötən altı ayda qazın hasilat həcmini 35 min kubmetrdən 38,3 min kubmetrə qaldırsalar da, son ayda təbii qazın təhvili üzrə proqnoz kəsirlə yerinə yetirilmişdir. Belə ki, emal müəssisələrinə 4,5 min kubmetr, yəni faktik göstəricidən 1,3 min kubmetr az “mavi yanacaq” təhvil verilmişdir.