“Mütaliə terapiyadır” kitabının təqdimatı olub
Bakı, 14 iyul, AZƏRTAC
“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək (MDİD) İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr olunan “Mütaliə terapiyadır” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirin aparıcıları, həmçinin kitabın redaksiya heyəti olan gənc könüllülər Xanım Babayeva və Elbəy Əliyev kitabın hazırlanması, tərtibatı, kitabda yer alan məqalələrdən, könüllülərin məktublarından, layihədə fəal iştirak edən, ata himayəsindən məhrum uşaqların esselərindən danışıblar.
Tədbirdə "Cığır" MDİD İB-nin sədri Yeganə Mirzəyeva çıxış edərək oxu mədəniyyətinin əhəmiyyətindən söz açıb. Bildirib ki, oxu insanı bulaq suyu təki saflaşdırır, onu ziyalı bir insan kimi yetişməsinə yol açır.
Tədbirdə İctimai Birliyin İdarə Heyətinin üzvü Sevinc Məmiyeva və təşkilatın həmtəsisçisi Gülnar Rüstəmovanın çıxışları iştirakçılar arasında maraqla qarşılanıb, onların kitaba olan meyilini birə-beş artırıb.
Gənclərin böyük şövq və sevgi ilə hazırladığı kitabın təqdimatına yığışan qonaqlar gələcəyə iz salmaq naminə çalışan gənclərin fəaliyyətini yüksək qiymətləndirib və bu işdə onlara uğur arzulayıblar.