Muxtar respublikada ilk dəfə keçirilən Qum sənəti müsabiqəsi başa çatıb
Naxçıvan, 24 noyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikada ilk dəfə olaraq Qum sənəti üzrə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Sehrli əllər” müsabiqəsi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı və yaradıcı şagirdlərin yeni sənət növləri üzə bacarıqlarını üzə çıxarmaq, onların bu sahədə inkişafına lazımi dəstəyi göstərməkdən ibarət olub.
Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsində ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılıb. 2019-cu ildən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur, Culfa və Ordubad rayon məktəbdənkənar təhsil müəssisələrində yeni innovativ dərnəklər yaradılıb və müasir tədris şəraiti qurulub. Bunlardan biri də Qum sənəti dərnəyidir. Bu dərnək şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə, rəsm bacarıqlarının inkişafına öz töhfəsini verməkdədir.
Vurğulanıb ki, Qum sənəti dərnəyində şagirdlər böyük maraqla iştirak edir, onun işləmə texnikalarını həvəslə öyrənir və asudə vaxtlarını dərnəkdə məşğul olmaqla keçirirlər. Qum sənəti dərnəyində məşğul olan dərnək üzvlərində xüsusi bacarıqlar formalaşır, istedadları aşkar edilir.
Müsabiqənin proqramına uyğun olaraq əvvəlcə iştirakçılara Qum sənəti dərnəyinin rəhbəri Həbib Allahverdiyev tərəfindən ustad dərsi keçilib, müsabiqənin qaydaları izah olunub. Müsabiqədə bütün yaş qrupları olmaqla, 20 dərnək üzvü iştirak edib. Qaydalara uyğun olaraq dərnək üzvləri 2 saat müddətində işıqlandırılmış masa üzərində qumla müxtəlif mövzularda rəsmlər təsvir ediblər.
Sonra dərnək üzvlərinin qumla çəkdikləri təsvirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beləliklə, müsabiqənin nəticələrinə görə I yer, II yer, III yer və 3 həvəsləndirici yerə layiq görülən dərnək üzvləri Təhsil Nazirliyinin diplomları ilə təltif olunublar.