Muxtar respublikada kənd təsərrüfatı inkişaf etdirilir
Naxçıvan, 4 avqust, AZƏRTAC
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılıb. Bu da 2020-ci ilin məhsulu üçün əkilmiş sahədən 854 hektar çoxdur.
Muxtar respublikada taxılçılıq mühüm sahə olaraq diqqətdə saxlanılıb və 2021-ci ilin məhsulu üçün 32 min 721 hektar sahədə taxıl əkilib ki, bunun da 31 min 824 hektarı payızlıq, 897 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 20 min 930 hektarında buğda, 11 min 791 hektarında isə arpa əkilib.
Muxtar respublikada ilk dəfə 2021-ci ildə Kəngərli rayonunda 4 hektar sahədə çəltik əkini aparılıb. Bu dövrdə dən üçün qarğıdalı əkini sahəsi 2150 hektar olub ki, bu da 2020-ci illə müqayisədə 601 hektar çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb və 2021-ci ildə 3470 hektar sahədə kartof əkini aparılıb ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 229 hektar çoxdur.
2021-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 52,4 hektar sahədə tütün əkini aparılıb ki, bu da bir il öncəki göstəricidən 7,3 hektar çoxdur.
Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə göycə məhsullarının satış yarmarkası keçirilib. Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2 istixana təsərrüfatı və 2 soyuducu anbar yaradılıb, 1 istixana təsərrüfatı genişləndirilib, 3 soyuducu anbarın yaradılması davam etdirilir.