REGİONLAR
Muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 3,6 dəfə artıb
Naxçıvan, 11 fevral, AZƏRTAC
Muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrində açılmış yeni iş yerləri, əməkhaqlarının davamlı artımı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və özünüməşğulluğun təmin edilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib, alıcılıq qabiliyyətini artırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu ildə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 3,6 dəfə artaraq 1 milyard 660 milyon 864 min 300 manat təşkil edib. Naxçıvan Muxtar Respublikası hər bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə görə ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.
Pərakəndə ticarət şəbəkəsində satılmış malların 5,5 faizi ticarət təşkilatlarında, 20,2 faizi kənd təsərrüfatı məhsulları bazarlarında, 18 faizi ərzaq, qeyri-ərzaq və qarışıq mallar satışı ilə məşğul olan yarmarkalarda, 56,3 faizi isə fiziki şəxslərdə qeydə alınıb. Pərakəndə ticarət şəbəkələrində satılmış istehlak mallarının 48,8 faizini ərzaq, 51,2 faizini isə qeyri-ərzaq malları təşkil edib.
2019-cu ildə əhaliyə göstərilən ödənişli xidmətlər 2009-cu illə müqayisədə 2,8 dəfə artaraq 243 milyon manata yaxın olub.
Muxtar respublikada bütün sahələrdə qazanılmış uğurlar dayanıqlı iqtisadi sabitliyin və davamlı inkişafın təmin olunmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaradır.