Muxtar respublikadakı sututarlara ötən ay 39,6 milyon kubmetr su yığılıb
Naxçıvan, 6 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən yaz suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün muxtar respublika ərazisində kanal və arxlarda, nasos stansiyası və təzyiqli boru xətlərində, su anbarlarının suburaxıcı qurğularında, içməli su xətlərində və digər hidrotexniki qurğularda təmir-bərpa işləri aparılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublika ərazisində olan su anbarlarına su ehtiyatının toplanılması işləri davam etdirilib, ötən ay sututarlara 39,6 milyon kubmetr su yığılıb. Heydər Əliyev Su Anbarının qəza suburaxıcı qurğusunun tunel hissəsində təmir-bərpa işlərinə başlanılıb. Mart ayında 5,2 kilometr yeni suvarma boru xətti çəkilib, 1,8 kilometr suvarma boru, 5,2 kilometr içməli su, 3,7 kilometr təzyiqli boru xətti təmir edilib, 24 kilometr beton və torpaq kanal, 28,8 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənib. 2 kəhrizdə təmir işləri başa çatdırılıb, 5-də təmir işləri davam etdirilib, 33 subartezian quyusu təmir olunub, 1 subartezian quyusunun qazılması işlərinə başlanılıb. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 150 metr istiqamətləndirici bənd salınıb, həmçinin 35 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.
Ötən ay ərzində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 5,2 kilometr suvarma xətti çəkilib. Şahbuz rayonunun Külüs kəndi ərazisində yeni nasos stansiyasının tikintisi və təzyiqli boru xəttinin quraşdırılması işləri davam etdirilib. Culfa və Ordubad rayonları ərazisində suvarma suyuna olan tələbatın yaxşılaşdırılması məqsədilə Gilançaydan qidalanan suvarma boru xəttinin çəkilişi, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 və Kəngərli rayonunun Böyükdüz kəndinin 2100 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından və Araz çayından qidalanan yeni nasos stansiyalarının və təzyiqli boru xətlərinin tikintisi işlərinə başlanılıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Kəngərli rayonunun Xok kəndində 5,2 kilometr içməli su xətti çəkilib, 159 evə su birləşməsi aparılıb.