MUXTAR RESPUBLİKANIN PROBLEMLƏRİNİN HƏLLİNƏ DİQQƏT ARTIRILMALIDIR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müşavirəni giriş sözü ilə açdı.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Namiq Həsənov muxtar respublikadakı mövcud vəziyyət barədə məlumat verdi.
Qeyd olundu ki, uzun müddət blokada şəraitində olan bu bölgədə iqtisadiyyat dərin böhran içərisindədir, əhalinin güzəranı pisləşmişdir. Müşavirədə verilən məlumata görə üç aydır ki, Naxçıvana ərzaq məhsulları gətirilmir. Bütün ehtiyatlar tükənmək üzrədir. Enerji və xammal çatışmadığına görə, sənaye müəssisələrinin istehsal gücü xeyli dərəcədə aşağı düşmüşdür. Natiqlərin fikrincə, təcili tədbirlər görülməsə, qarşıdakı qış aylarında vəziyyət daha da kəskinləşə bilər.
Natiqlər bildirdilər ki, Türkiyənin ayırdığı kredit muxtar respublikadakı mövcud problemlərin həllinə müəyyən dərəcədə müsbət təsir göstərsə də, sosial-iqtisadi problemlər yenə də qalmaqdadır. Muxtar respublikada ərzaq çətinliyi davam etməkdədir. Bakıdan Naxçıvana İran ərazisindən keçməklə ərzaq çatdırılması xeyli baha başa gəlir. Vəziyyətdən çıxmaq üçün muxtar respublikaya hər il 60 milyon dollar vəsait ayrılsa, ərzaq məhsullarını yaxın məsafədən - Türkiyədən almaq mümkündür.
Müşavirədə muxtar respublikanın enerji tələbatının ödənilməsi məsələlərindən də geniş bəhs olundu. İmişli-Parsabad yüksəkgərginlikli elektrik xəttinin və Xoy-Culfa qaz kəmərinin tikintilərinin sürətləndirilməsi vacibliyinə də toxunuldu. Müşavirədə muxtar respublikanın yanacaq probleminin həlli üçün Naxçıvanda ildə 500 min ton neft emal edən zavodun tikilməsi barədə təklif irəli sürüldü.
Çıxış edən natiqlər Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatını dirçəltmək, bölgənin zəruri məhsullara və materiallara olan tələbatını ödəmək, bölgənin təbii sərvətlərindən səmərəli istifadə etmək barədə bir sıra təkliflər verdilər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müşavirəyə yekun vurdu.
Müşavirədə Azərbaycan Prezidenti muxtar respublika əhalisinin və xalq təsərrüfatının minimum tələblərinin ödənilməsi ilə əlaqədar iqtisadiyyat naziri Səməd Sadıqovun başçılığı ilə xüsusi komissiya yaradılması barədə tapşırıq verdi.
Respublikanın Baş naziri Surət Hüseynov, Bas nazirin birinci müavini Fuad Quliyev, Baş nazirin müavini Abbas Abbasov, dövlət müşaviri Arif Rəhimzadə və digər rəsmi şəxslər müşavirədə iştirak etdilər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri