MÜXTƏLİF MƏDƏNİYYƏTLƏRİN QORUNMASI İŞİ AZƏRBAYCANDA YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL EDİLMİŞDİR
Görüşü giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev iştirakçılara rəhbərlik etdiyi qurumun yaranma səbəblərindən və indiyədək gördüyü işlər haqqında məlumat vermişdir. O bildirmişdir ki, indiyə qədər komitədə 257 dini icma qeydiyyatdan keçib və onlardan 23-ü qeyri-müsəlman təmayüllüdür.
AŞ-ın baş katibi V.Şvimmer çıxışında xüsusi vurğulamışdır ki, etiqad azadlığı insan haqları haqqında Konvensiyanın bəyan etdiyi fundamental dəyərlərdən biridir. Son zamanlar sivilizasiyaların toqquşması haqqında səslənən fikirlərin artmasını etiraf edən Avropa Şurasının baş katibi onları dəstəkləmədiyini vurğulamışdır. Eyni zamanda o bəyan etmişdir ki, müxtəlif millətlərin sivilizasiya və mədəniyyətlərinin qorunması işi Azərbaycanda yüksək səviyyədə təşkil edilmişdir.
Tədbirdə dini icmaların nümayəndələri də çıxış etmişlər. Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli demişdir ki, respublikamızda yüksək dini dözümlük mövcuddur. İndiyə qədər Azərbaycanda erməni millətindən olan vətəndaşlar yaşayır və onların hüquqları qorunur. Qonşu Ermənistanda isə hazırda heç bir azərbaycanlı qalmayıb.
Bakı və Xəzəryanı yeparxiyanın başçısı yepiskop Aleksandr da Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfesiyalar arasında yaxşı münasibətlərin olduğunu diqqətə çatdırmışdır. Bu xüsusilə dini bayramlar qeyd olunanda müşahidə edilir. Belə ki, müxtəlif dini əqidələrin nümayəndələri bir-birini bayram münasibəti ilə təbrik edirlər. Fürsətdən istifadə edən Aleksandr ata bütün yəhudiləri qarşıdan gələn Pasxa bayramı ilə əlaqədar təbrik etmişdir. O çıxışında onu da vurğulamışdır ki, Azərbaycanda iki erməni xristian kilsəsi qorunub saxlanılıb və Bakıdakı pravoslav kilsə hamıya, o cümlədən Azərbaycanda yaşayan ermənilərə də dini etiqadlarına sərbəst ibadət etməyə köməklik göstərir.
Görüş qarşılıqlı inam şəraitində keçmiş və iştirakçılarda ümid yaratmışdır ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, hələ dünyada davam edən çoxsaylı münaqişələrin mövcudluğuna baxmayaraq, müxtəlif etnik qrupların və dini konfesiyaların nümayəndələri nəinki dinc yaşaya, hətta səmərəli əməkdaşlıq edə bilərlər.