Muzeydə XVIII əsrə aid Xəlvətiyyə təriqətinə məxsus əmmamə əvvəlki görkəminə qaytarılır
Bakı, 3 noyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVIII əsrə aid Xəlvətiyyə təriqətinə məxsus əmmamə bərpa olunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Sufi təriqətinin hər birinin özünəməxsus simvolu olub və bunlar da onların tac dedikləri papaqlarında əks edilib. XIV-XV əsrlərdə Azərbaycanda yaranan və bütün dünyaya yayılan xəlvətiyyə təriqətinin simvolu hesab olunan əmmamə dörd bölümlü 40 ədəd xətdən ibarətdir. Mənası: Dörd hissə İxlas surəsinin dörd ayəsinə işarədir.
İstanbulda Eyüb Sultan adlı ərazidən tapılan və xəlvətiliyin Sivasi qoluna aid əmmamə vaxtilə Milli Azərbaycan Tarix Muzeyinə hədiyyə edilib. Pambıq külah üzərindən yaşıl çit parça dolanmış əmmamənin hündürlüyü 20 santimetr, diametri 27 santimetrdir.
Muzeyin Bərpa şurasında eksponatın vəziyyəti kafi qiymətləndirilərək tam rekonstruksiya olunmasına qərar verilib. Rekonstruksiya zamanı eksponat tam demontaj olunaraq dezinfeksiya və təmizlənmə mərhələlərindən keçdikdən sonra bərpa və konservasiya prosesləri tamamlanacaq. Daha sonra demontaj olunan hissələr əvvəlki qaydada yerinə montaj olunarkən eksponatın orijinal vəziyyəti mümkün qədər qorunub saxlanılacaq.
Əmmamənin rekonstruksiya və bərpa işləri bərpaçı-rəssam Nuridə Hüseynova tərəfindən aparılacaq.