MUZEYİN VİRTUAL VARİANTI KOMPAKT DİSKİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Muzeyin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanova bildirmişdir ki, muzeyin virtual variantı təxminən bir ay bundan əvvəl yaradılaraq, internet saytında yerləşdirilmişdir. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibətilə həyata keçirilən həmin tədbirdən sonra dünyanın müxtəlif ölkələrindən Cavidin həyat və yaradıcılığı ilə maraqlananlar sayta və virtual muzeyə 3500-dən çox müraciət etmişlər.
Diqqətə çatdırılmışdır ki, internet saytdakı virtual muzeyə ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə bu mədəniyyət ocağının açılışında iştirakını əks etdirən eksponatlar haqda süjetlər də daxil edilmişdir.
Tədbir iştirakçıları internet vasitəsilə musiqi sədaları altında muzeyin zallarına səyahətə çıxmış, böyük şair və dramaturqun əsərləri ilə tanış olmuşlar. Onların arasında Hüseyn Cavidin əsərlərinin latın qrafikasında külliyatı, fransız dilində “Seçmələr”i, 3 cildlik “Cavidşünaslıq toplusu”, bu günlərdə şairin İranda fars dilində işıq üzü görmüş “Şeyx Sənan” pyesi də vardır.
Tədbirdə AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Rafael Hüseynov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Teymur Kərimli, akademiyanın Mərkəzi Elmi kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli əlamətdar hadisə münasibətilə muzeyin əməkdaşlarını təbrik etmiş, Cavid irsinin toplanmasında və qorunmasında onlara uğurlar arzulamışlar.