REGİONLAR
Naftalanın nümayəndə heyəti İvaniç-Qrad şəhərində səfərdə olub
Naftalan, 12 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Naftalan və Xorvatiya Respublikasının İvaniç-Qrad şəhərləri arasında əlaqələrin yaradılması, dostluq və əməkdaşlıq xartiyasının imzalanması ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdə olub.
İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nümayəndə heyəti paytaxt Zaqreb şəhərində ölkəmizin Xorvatiyadakı səfirliyinin fəaliyyət göstərdiyi binada olub, səfir Anar İmanovla görüşüb. Görüş zamanı səfərin gündəliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki şəhər arasında qardaşlaşmanın, qarşılıqlı əlaqələrin daha da yaxşılaşmasının əhəmiyyəti vurğulanıb.
Səfər proqramı çərçivəsində İvaniç-Qrad şəhər administrasiyasında şəhər meri Javor Bojan Les və digər məsul əməkdaşlarla görüş olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. V.Novruzov Naftalanın tarixi, turizm potensialı, son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Həmçinin vurğulayıb ki, hazırda Naftalanla dünyanın müxtəlif şəhərləri arasında qardaşlıq münasibətləri mövcuddur və bu əlaqələr getdikcə inkişaf edir.
Daha sonra İvaniç-Qrad şəhər muzeyində şəhərin tarixi, təbiəti, neft və qaz tədqiqatlarını özündə əks etdirən videoçarx nümayiş olunub.
İvaniç-Qrad şəhərində fəaliyyət göstərən Naftalan Xəstəxanasında olan nümayəndə heyəti buradakı Naftalan nefti ilə aparılan müalicə prosedurları və digər göstərilən xidmətlərlə yaxından tanış olublar.