CƏMİYYƏT
NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ DÖVLƏT OMİSSİYASININ İCLASINDA
Martın 28-də Narkomanlığa və narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Mübarizə üzrə Dövlət Komissiyatının növbəti iclası olmuşdur. Komissiyanın sədri, baş nazirin müavini Əli Həsənov iclası açaraq bildirdi ki, komissiyanın üzvləri ötən il ərzində Birləşmiş Millətlər Təşkilatının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair keçirdiyi tədbirlərdə iştirak etmişlər. 2001-ci ilin fevralında gömrük əməkdaşlarının müsadirə etdiyi 48 ton tiryək toxumu, iyul ayında isə 12 kiloqram müxtəlif narkotik maddə diplomatik korpus nümayəndələrinin iştirakı ilə məhv edilmişdir.
Əli Həsənov dedi ki, ABŞ Dövlət Departamentinin dünyada narkotik vasitələrlə mübarizəyə dair hesabatında Azərbaycana üç səhifə ayrılmışdır. Sənəddə ölkə rəhbərliyinin bu bəla ilə mübarizədə əldə etdiyi uğurlar xüsusi vurğulanmışdır. Hesabatda deyilir ki, Ermənistanın işğal etdiyi ərazilər narkotik xassəli bitkilərin becərildiyi və narkotik vasitələrin daşındığı zonaya çevrilmişdir.
Komissiyasının sədri bildirdi ki, Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulmuşdur və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qanunvericilik bazası yaradılmışdır. Əli Həsənov dedi ki, hüquq-mühafizə orqanlarının müasir texniki vasitələrlə təchiz olunması, sərhədlərin mühafizəsinin gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi respublikamızda həyata keçirilməsi zəruri olan vəzifələrdir.
Sonra Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsi, Səhiyyə Nazirliyi nümayəndələrinin məruzələri dinlənildi.
Əli Həsənov iclasa yekun vurdu.