Narkotik vasitələrlə mübarizəyə həsr olunmuş tədbir - “Sağlam gələcək naminə”
Bakı, 14 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin, Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 nömrəli tam orta məktəbin və Suraxanı rayonu Polis İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 14-də narkomaniya və narkotik vasitələrlə mübarizə mövzusuna həsr olunmuş “Sağlam gələcək naminə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri məktəbin direktoru Elnur Hüseynov giriş sözü ilə açaraq hər kəsi salamlayıb və gənclərimizin maarifləndirilməsi məqsədilə bu qəbildən olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Ardınca muzeyin əməkdaşı tədbiri davam etdirərək, narkomaniya və onun törətdiyi fəsadlar barədə geniş məlumat verib. Tədbir iştirakçılarına muzey əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Həmçinin şagirdlər tərəfindən “Bəşəriyyətin bəlası” adlı səhnəcik oynanılıb.
Tədbir çərçivəsində Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Suraxanı rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Surxay Vəliyev, Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev, Suraxanı rayon 9 saylı hüquq məsləhətxanasının vəkili, hüquq müdafiəçisi Asif Məmmədov, 275 saylı tam orta məktəbin psixoloqu Aysel Novruzova, məktəbin həkimi Nübar Eminli gənclərin zərərli vərdişlərdən qorunması, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici söhbət aparıblar və çıxışlar ətrafında diskussiyalar qurulub.