NATO AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞIN SƏVİYYƏSİNDƏN RAZIDIR
Səfərindən əsas məqsədin NATO ilə Azərbaycan arasında əməkdaşlığa dair Fərdi tərəfdaşlığın fəaliyyət planının icrası ilə tanışlıq olduğunu bildirən R.Simmons Prezident İlham Əliyevin onu qəbul etdiyini, bu görüşdən məmnunluq duyduğunu söyləmişdir. Xüsusi nümayəndə Müdafiə Nazirliyində görüş keçirdiyini, Azərbaycanla NATO-nun əməkdaşlığına dair komissiyanın işində və Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki partlayıcı maddələrin təmizlənməsinə dair NATO-nun dəstəyi ilə həyata keçiriləcək layihənin açılış mərasimində iştirak etdiyini də bildirmişdir.
R.Simmons ölkəmizdə Fərdi tərəfdaşlığın fəaliyyət planının icrasından razı qaldığını və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirdiyini söyləmiş, bütün bunların 2006-cı ilin martında tərtib olunacaq ilkin qiymətləndirmə hesabatında əks olunacağını vurğulamışdır. Qonaq bildirmişdir ki, həm NATO, həm də Azərbaycan planın icrası üçün üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni edirlər.
NATO ilə Azərbaycan arasında əməkdaşlığın əməli göstərici kimi Saloğlu ərazisindəki partlayıcı maddələrin təmizlənməsi üzrə layihəni xatırladan xüsusi nümayəndə gələn ildən növbəti belə bir layihənin də həyata keçiriləcəyini qeyd etmişdir.
R.Simmons bu yaxınlarda ölkəmizdə keçirilmiş parlament seçkilərindən sonra seçki saxtakarlıqlarının araşdırılması istiqamətində atılan addımları da yüksək qiymətləndirdiyini vurğulamışdır.
NATO sülhməramlılarının bölgədə yerləşdirilməsi fikrinə aydınlıq gətirən xüsusi nümayəndə demişdir ki, bunun üçün münaqişədə olan tərəflər - Azərbaycan və Ermənistan razılığa gəlməlidir. Yalnız bundan sonra NATO sülhməramlıları Azərbaycan-Ermənistan sərhədində yerləşdirilə bilər: “Biz münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini, aparılan danışıqları izləyirik. NATO ümid edir ki, gələn il danışıqlar daha da sürətlənəcəkdir”.
Azərbaycanın hərbi büdcəsini artırmasının onun ümumi büdcəsinin çoxalması ilə bağlı olduğunu deyən qonaq həmin vəsaitlərdən səmərəli istifadə olunması məqsədi ilə NATO-nun məsləhətlər verə biləcəyini söyləmişdir.