NATO CƏNUBİ QAFQAZDA SÜLH VƏ SABİTLİK YARANMASINDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, fevralın 8-də ölkəmizdə səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivi ilə görüşmüşdür.
Universitetin rektoru Abel Məhərrəmov qonağı salamlayaraq demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avratlantik strukturlara inteqrasiya prosesinə fəal qoşulmuş və hazırda NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında fəal iştirak edir.
Rektor BDU-nun NATO-nun Elm Komitəsi ilə işgüzar əlaqələrinə toxunaraq, ötən ilin iyun ayında “Azərbaycanda NATO həftəsi” proqramı çərçivəsində universitetdə “Elm vasitəsilə təhlükəsizlik” mövzusunda keçirilən seminarı nəzərə çarpdırmışdır.
Abel Məhərrəmov BDU-nun keçmiş SSRİ vaxtından Azərbaycan ərazisində istifadəsiz qalmış raket yanacağının zərərsizləşdirilməsi ilə bağlı təqribən 300 min ABŞ dolları dəyərində layihə təklif etdiyini xatırlatmışdır. Layihə NATO-nun Elm Komitəsi tərəfindən bəyənilmişdir və hazırda universitet alyansın əməli təklifini gözləyir.
O, əmin olduğunu bildirmişdir ki, indiki görüş Azərbaycan gənclərinin müasir problemlərə necə yanaşması haqqında qonaqda dolğun təsəvvür yaradacaqdır.
Robert Simmons çıxışında Azərbaycan-NATO əməkdaşlığından, bunun genişlənməsi istiqamətində tərəflərin üzərinə düşən vəzifələrdən danışmışdır. O, NATO-nun Cənubi Qafqazda sülh və sabitlik yaranmasında marağını, müxtəlif beynəlxalq təşkilatların münaqişələrin həlli ilə bağlı səylərini vurğulamışdır.
Baş katibin xüsusi nümayəndəsinin sözlərinə görə, NATO həmin problemlərin həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. Çünki qurumun məqsədi regionda əməkdaşlıq və sülhün bərqərar edilməsidir. O, ötən il alyansın İstanbul Sammitində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəliyinin yaradılmasını və bu yaxınlarda təşkilatın Cənubi Qafqaz üzrə əlaqə zabitinin təyin edilməsini Şimali Atlantika blokunun regiona artan marağının təzahürü olduğunu söyləmişdir.
Sonra Robert Simmons görüş iştirakçılarının suallarına cavab vermişdir.
Qonağa universitetin kollektivi adından hədiyyə təqdim olunmuşdur.