NATO-NUN İSTANBUL SAMMİTİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Xanımlar və cənablar!
Mən bu sammitdə iştirak etməyimdən məmnunam və inanıram ki, sammitin işi Alyansın inkişaf etməsinə güclü təkan verəcəkdir.
Mən yeni NATO üzvlərini təbrik edirəm. Onların NATO üzvlüyü meyarlarına uyğun gəlmək üzrə səyləri məntiqi nəticəyə çatmışdır. Mən əminəm ki, NATO-nun ən böyük genişlənməsi ümumilikdə Avratlantik məkanının sülh, təhlükəsizlik və azadlıq sərhədlərinin daha da genişlənməsinə töhfə verəcəkdir.
1994-cü ildən Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramında fəal iştirak edir. NATO ilə bizim ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir.
“Fərdi tərəfdaşlıq fəaliyyəti” planında iştirakımız Azərbaycanın NATO ilə işbirliyində vacib dönüş nöqtəsidir və bizim təhlükəsizlik siyasətimizin inkişafına nəzərəçarpacaq töhfə verəcəkdir. Azərbaycanın on ildən bəri həyata keçirdiyi Avropaya və Avratlantik strukturlarına inteqrasiya siyasəti bundan sonra da davam etdiriləcəkdir. Biz əminik ki, bu inteqrasiya regionumuza daha çox təhlükəsizlik, insanlarımıza firavanlıq gətirəcəkdir.
Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq yalnız bəyanatlarla deyil, praktiki addımlarla sübuta yetirmişdir. Biz siyasi iradəmizi ifadə edərək, həm də ümumi məqsədimiz olan NATO-nun sülhü dəstəkləyən əməliyyatlarına qoşulmağa hazır olduğumuzu bildirdik. Bu gün bizim sülhməramlılar NATO və tərəfdaş dövlətlərin hərbçiləri ilə birlikdə dünyanın müxtəlif bölgələrində sülh və təhlükəsizliyə töhfələrini əsirgəmirlər.
Birləşmiş Ştatlara 11 sentyabr hücumlarından sonra Azərbaycan antiterror koalisiyasına qoşulan ölkələrin ilk cərgəsində durdu. Bu gün bizim ölkəmiz terrora qarşı qlobal savaşa öz əməli töhfəsini verməkdədir.
Erməni terroruna məruz qalmış bir ölkə kimi (32 terror aktı nəticəsində 2 mindən çox adam həlak olmuşdur), biz yaxşı anlayırıq ki, yalnız beynəlxalq ictimaiyyətin ümumi səyləri ilə bu bəlaya qarşı səmərəli mübarizə aparmaq mümkündür.
Ermənistanın on ildən artıq davam edən təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunmuşdur ki, bu da bizim regionun sülh və sabitliyinə ən böyük təhlükələrdən biridir. Ermənistanın təcavüzü və apardığı etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkünə çevrilmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 digər rayonu işğal altındadır. Ölkəmizin ərazi bütövlüyü pozulubdur. Ermənistan hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən BMT-nin dörd qətnaməsinə Ermənistan hələ də məhəl qoymur. Ermənistan və Azərbaycan arasında on ildən artıq davam edən sülh danışıqları indiyədək heç bir nəticə verməyibdir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini güzəştə getməyəcəkdir.
Dağlıq Qarabağ Cənubi Qafqazda sülhə və sabitliyə daimi təhlükə yaradan qanunsuz və nəzarətsiz ərazidir.
Biz ümid edirik ki, sammitin nəticələri Avratlantik məkanına və onun qonşuluğunda olan ərazilərə daha çox təhlükəsizlik və sabitlik gətirə bilmək imkanlarımızı artıracaqdır.
Sağ olun.