Naxçıvan Dövlət Universiteti laboratoriyalarında müalicəvi ekstraktlar hazırlanır
Naxçıvan, 19 aprel, AZƏRTAC
Azərbaycanda arı məhsullarının biokimyəvi xüsusiyyətləri və keyfiyyət göstəriciləri sahəsində aparılan elmi araşdırmalarda - bal, vərəmum, çiçək tozcuğu kimi arı məhsullarının tədqiqi sahəsində bir sıra uğurlu nəticələr əldə edən Naxçıvan Dövlət Universiteti müəllimləri arıçılıq məhsullarının tədqiq etməklə yanaşı, müalicə və profilaktika məqsədi ilə istehsal prosesini də həyata keçirirlər.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə ali təhsil ocağının Tibb fakültəsində yaradılmış laboratoriya imkanları hesabına ilk dəfə olaraq müalicə məqsədi ilə istifadə olunması tövsiyə olunan bir sıra arıçılıq məhsullarının işlənməsi və çıxarışlarının alınması həyata keçirilib. Laboratoriyada arı vərəmumun etil spirtində 10 faizli ekstraktı, 20 faizli ekstraktı və zeytun yağında 10 faizli ekstraktı hazırlanıb və qablaşdırılıb. Eyni zamanda, çiçək tozcuğu (polen) tədarükü, qurudulması və qablaşdırılması yerinə yetirilib. Bununla yanaşı, laboratoriyalarda vərəmumun bir sıra xəstəliklərdə istifadəsi tövsiyə olunan sulu, yağlı, ballı qarışıqlarının, məlhəmlərinin, şamlarının hazırlanması üçün işlər davam etdirilir.
Muxtar respublikanın florasının çox zəngin olması, endemik və müalicəvi bitkilərin növ müxtəlifliyinin çoxluğu, mövcud arı cinsləri, eyni zamanda, fiziki-coğrafi xüsusiyyətlərinin təsirinin balların keyfiyyətində özünü əks etdirməsi labüddür.
Universitetin laboratoriyalarında aparılan polenoloji analizlər əsasında müəyyənləşdirilib ki, əldə olunan bütün ballar fərqli bitki qaynaqlarından (multifloral) əldə olunub və hər hansı bitki qrupunun üstünlüyü bu ballarda müşahidə olunmayıb.
Laboratoriyalarda arı məhsulları ilə yanaşı, müxtəlif bitkilərin yağları və ekstraktları da əldə olunur. Kəklikotu, sürvə, pişiknanəsi və digər dərman bitkisi növlərindən alınan efir yağları ilk dəfə olaraq laboratoriya imkanları hesabına hazırlanır, təcrübi dərslərdə, elmi-tədqiqat işlərində istifadə olunur. Bununla yanaşı, müxtəlif dərman bitkilərinin duru və quru ekstraktları, şamlar, məlhəmlər və həblərin hazırlanması işləri həyata keçirilir. Gələcəkdə müalicə və profilaktika məqsədi ilə istifadə üçün preparatların hazırlanması da nəzərdə tutulur.