Naxçıvan Dövlət Universitetində soyqırımı qurbanlarının xatirəsi anılıb
Naxçıvan, 31 mart, AZƏRTAC
Zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı hadisələrə, fiziki və mənəvi terrorlara, vandalizm aktlarına ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu faktlar ali təhsil ocağında Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə keçirilən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan növbəti “dəyirmi masa”da səsləndirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, 1918-ci il mart ayında törədilən soyqırımından və ümumilikdə, 200 ildir erməni qəsbkarların azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətindən danışıb.
YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Xəzər Hüseynov, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Kamal Camalov mövzu ilə bağlı çıxışlarında bildiriblər ki, 1905-1907, 1918-1920, 1947-1953-cü illərdə törədilən, eləcə də ötən əsrin 80-ci illərindən bu günə kimi Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı qırğınlar tarixdə misli görünməmiş cinayətlərdir.
Qeyd olunub ki, 1918-1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində 250 min, o cümlədən Qərbi Azərbaycanda 132 min nəfər erməni vandalları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı düşünülmüş şəkildə, məlum dövlətlərin havadarlığı ilə həyata keçirilib. İki milyona yaxın azərbaycanlı ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı siyasətinin qurbanı olub.
Diskussiya şəklində davam edən “dəyirmi masa”da tələbələr mövzu ilə əlaqədar fikirlərini bildirib, onları maraqlandıran suallar cavablandırılıb.