NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN 40 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2007-ci ilin sentyabr ayında Naxçıvan Dövlət Universitetinin yaradılmasının 40 illiyi tamam olur. Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsində özünəməxsus yeri olan universitet 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır. 1972-ci ildə həmin filialın əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmış, 1990-cı ildə isə onun bazasında Naxçıvan Dövlət Universiteti təşkil olunmuşdur.
Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər.
Azərbaycan Respublikasında təhsilin, elmin və mədəniyyətin inkişafındakı böyük xidmətlərini nəzərə alaraq, Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq maliyyə vəsaitinin ayrılmasını təmin etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 mart 2007-ci il.