Naxçıvan Dövlət Universitetinin heyəti Çankırı Karatekin Universitetində olub
Naxçıvan, 7 mart, AZƏRTAC
Erasmus+ Beynəlxalq Mobillik layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin (NDU) 6-sı tədris, 7-si təlim olmaq üzrə 13 nəfərlik müəllim və işçi heyəti Türkiyənin Çankırı şəhərində yerləşən Çankırı Karatekin Universitetində olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara toxunaraq, xarici ölkələrlə həyata keçirilən layihələrdən danışıb. Rektor ali təhsil ocağının Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyinin əsas götürüldüyünü və bu istiqamətdə tələbə mübadiləsinin davam etdirildiyini diqqətə çatdırıb.
Saleh Məhərrəmov qeyd edib ki, artıq müvafiq ixtisaslar üzrə tələbələr seçilib və 1 semestr təhsil almaq üçün 4 tələbə Şota Rustaveli adına Batumi Dövlət Universitetinə, 2 tələbə Penza Dövlət Universitetinə göndərilib. Tələbə mübadiləsinin şərtlərinə uyğun olaraq 4 tələbə isə Naxçıvan Dövlət Universitetinə gəlib.
Müəllimlər Çankırı Karatekin Universitetində ixtisaslaşmış bölmələrdə keçdikləri dərs və treninqlər haqda məlumat veriblər. Naxçıvanın turizm potensialının tanıdılması istiqamətində bələdiyyə və turizm kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Vəliyeva tədris etdiyi dərslərdə bu sahəyə daha ciddi yanaşıldığını diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Cəbi Quliyev qardaş ölkə ilə yanaşı, Sudan və Tacikistandan olan 28 nəfərlik nümayəndə heyətinə Xocalı soyqırımının baş vermə səbəbləri və acı nəticələri barədə məlumat verib.
Treninq üzvləri də rektorluq, idarə heyəti, strateji planlama, kitabxana, İKT və media üzrə müvafiq dərslərdə iştirak etdikləri barədə danışıblar.
Universitetin fortepiano kafedrasının baş müəllimi Fatma Əliyevanın solo konserti, “Sarı gəlin” xalq mahnısı alqışlarla qarşılanıb.