Naxçıvan Dövlət Universitetinin tələbələri elmi-praktik seminarda iştirak ediblər
Naxçıvan, 18 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Kimya ixtisasının III kurs tələbələrinin iştirakı ilə elmi-praktik seminar təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Kimyəvi tədqiqatlarda müasir metodların tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Alim tələbələrə müasir tədqiqat sahəsi - nanotexnologiyadan, nanobirləşmələrin alınma metodlarından, onların tədqiq və tətbiqindən ətraflı danışıb.
Əhməd Qarayev hazırda dünyanın bir çox ölkələrində bu texnologiyanın böyük imkanlarından istifadə edərək uğurlu nailiyyətlər qazanıldığını söyləyərək tələbələrin diqqətinə çatdırıb ki, institutun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında da bu sahədə müəyyən tədqiqatlar aparılır. Təcrübələr nəticəsində alınan nano və mikrohissəciklər laboratoriyada quraşdırılan Yaponiya istehsalı olan TM-3000 elektron mikroskopunda tədqiq edilir.
Sonra tələbələr TM-3000 elektron mikroskop ilə yaxından tanış olublar.