NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ ŞƏRUR RAYONUNDA OLMUŞDUR
Şərur, 20 iyul (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur rayonunda taxıl biçininin gedişi və şəkər çuğunduru əkinlərinin becərilməsi ilə maraqlanmışdır.
Ali Məclisin sədrinə məlumat verilmişdir ki, bu il rayonda 9 min 38 hektar taxıl zəmisinin məhsulu toplanacaqdır. Zəmilərin 8 min 326 hektarı buğda, 712 hektarı arpadır. Mövsüm başlanandan bəri 4 min 156 hektar zəminin məhsulu yığılmışdır. Arpa biçini başa çatmışdır. Ümumiyyətlə, indiyədək zəmilərdən 11 min 112 ton taxıl, o cümlədən 9 min 402 ton buğda, 1710 ton arpa məhsulu yığılmışdır.
Taxılçılıq sahəsində zəngin təcrübəsi olan Mahmudkənddə bu il də bol məhsul yetişdirilmişdir. Burada səpin zamanı akademik Cəlal Əliyevin yetişdirdiyi “Qiymətli”, “Bərəkətli” və yerli şəraitə uyğunlaşdırılmış digər yüksək reproduksiyalı buğda sortlarından istifadə olunmuşdur. Əkin şırım üsulu ilə aparılmışdır. Bu üsul becərmədə yenilik olmaqla yanaşı, su itkisinin və torpağın yuyulmasının qarşısının alınmasında da əhəmiyyətli rol oynayır.
Ali Məclisin sədri taxıl biçininin iyulun sonunadək başa çatdırılması, məhsuldar buğda sortlarından ibarət toxum fondunun yaradılması barədə tövsiyələrini vermişdir.
Rayonda şəkər çuğunduru istehsalını artırmaq üçün də müvafiq tədbirlər görülür. Cari ildə 500 hektar sahədən 10 min ton məhsul toplanması gözlənilir.
Vasif Talıbov işlərin başa çatdığı Şərur Olimpiya-İdman Kompleksinə baxmış, yenidən qurulması davam etdirilən Naxçıvan-Sədərək magistralında Arpaçay üzərindəki körpüdə tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, körpünün eni 28, çay səviyyəsindən hündürlüyü 11 metr, uzunluğu isə 110 metr olacaqdır.
######
