Naxçıvan Müəllimlər İnstitutunda “İnnovasiya laboratoriyası”nın açılışı və “İdeya bankı”nın təqdimatı olub
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə aprelin 15-də keçirilmiş “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədən irəli gələn vəzifələr Naxçıvan Müəllimlər İnstitutunda müzakirə olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə institutun rektoru Elbrus İsayev çıxış edərək, ali məktəbin “Startap Naxçıvan” hərəkatına uğurla qoşulması üçün kollektivin qarşısında duran məsul vəzifələrdən danışıb. Qeyd edib ki, müvafiq sərəncamın icrası ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyası (İnnoLab) yaradılıb. Bu laboratoriya institutda tələbələrin startapla bağlı biliklərinin formalaşmasını, biznes layihə və planlarının qurulmasını, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edəcək, tələbə və müəllimlərin innovativ təkliflərinin dəyərləndirilməsinə, startapların həyata keçirilməsi üçün informasiya texnoloji təminatın yaradılmasına, internetdə bu layihələrin müzakirə olunmasına imkan verəcək. İnstitutun internet saytında startap layihələrinin qəbulu ilə bağlı “İdeya bankı” yaradılıb. Buraya təqdim olunan layihələr institutun innovativ layihələrlə bağlı ekspert şurasında müzakirə və təhlil edilərək dəyərləndiriləcək.
Çıxışlardan sonra tədbir iştirakçıları “İnnovasiya laboratoriyası” ilə tanış olub, “İdeya bankı”nın təqdimatı keçirilib.