Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 30 iyun (AZƏRTAC). İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belarusun ölkəmizdəki səfiri Nikolay Pastkeviç ilə görüşmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ali Məclisin Sədri Belarusun alman-faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü münasibətilə səfiri təbrik etmiş, qələbənin qazanılmasında azərbaycanlıların apardıqları mübarizəni diqqətə çatdırmışdır.
Azərbaycan-Belarus əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri, ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Belarus Respublikası arasındakı əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı və səhiyyə sahəsində inkişaf edir.
Ali Məclisin Sədri əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirmiş, səfirə işlərində uğurlar arzulamışdır.
Səmimi görüşə görə minnətdarlığını bildirən Nikolay Pastkeviç Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasında azərbaycanlıların göstərdiyi qəhrəmanlığı xüsusi qeyd etmiş, səfər çərçivəsində Naxçıvandan olan müharibə veteranlarına xatirə medallarını təqdim edəcəyini bildirmişdir.
Səfir Azərbaycanın, eləcə də onun Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini və ölkələrimiz arasındakı dostluq əlaqələrinin yaxşı perspektivi olduğunu vurğulamışdır.
Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.