Naxçıvan üzrə 4691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb

Bakı, 22 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti həyata keçirən vergiödəyicilərinin uçot məlumatlarının yeni vergi inzibatçılığı çərçivəsində dürüstləşdirilməsi prosesinə yekun vurulub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin may-avqust aylarında muxtar respublika üzrə 4691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb. Dürüstləşdirmə işləri zamanı vergiödəyicilərinin faktiki uçot məlumatları ilə vergi orqanlarının uçot baza məlumatlarının müqayisəsi zamanı 12542 kənarlaşma aşkarlanıb. Bununla yanaşı, təsərrüfat obyektlərinin mövcudluğu, vergiödəyicilərinin və obyektlərinin fəaliyyət növü, təsərrüfat subyektinin (obyektinin) vəziyyəti (aktiv, passiv), obyektdən istifadə hüquqlarının araşdırılması, sahəsi və digər uçot məlumatları dəqiqləşdirilib. Dürüstləşdirmə dövründə 361 ədəd köhnə nəsil Nəzarət Kassa Aparatı (NKA) qeydiyyatdan çıxarılıb, 279 ədəd yeni nəsil NKA-nın və 302 ədəd POS-terminalın tətbiqi təmin edilib.
Qeyd edilib ki, dürüstləşdirilmə prosesi çərçivəsində uçot məlumatlarında olan uyğunsuzluqlar və müşahidə zamanı aşkar edilmiş kənarlaşmalar vergiödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla aradan qaldırılıb.