Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb









Naxçıvan, 19 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Babək rayonunun Nehrəm qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Mehralıbəyli Mehri Zihralı oğluna məxsus dönərxanada plandankənar yoxlama keçirilib.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin normativ tələblərə uyğun olmadığı və digər nöqsanlar aşkar edilib. Yoxlama zamanı, həmçinin müvafiq müşayiətedici sənədləri olmayan ayran, yararlılıq müddəti bitmiş 10 kiloqram bibər turşusu, kustar üsul ilə hazırlanmış xiyar turşusu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.